CƏMİYYƏT
ANAMA Biləsuvarda 49 ədəd partlamamış hərbi sursat aşkarlayıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə sentyabrın 7-də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 49 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 11 min kvadratmetr əraziyə yerüstü və 750 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Yanvarın 1-dən sentyabrın 7-dək 4360 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 192 min 775 kvadratmetr ərazi yoxlanılıb.