CƏMİYYƏT
ANAMA: Cocuq Mərcanlıda gün ərzində 51 min kvadratmetrdən çox ərazi yoxlanılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 51 min 600 kvadratmetr ərazi yoxlanılıb, 11 min 200 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.
Əməliyyatlarda 55 nəfər şəxsi heyət iştirak edir.
Cocuq Mərcanlıda on altı gün ərzində doqquz ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 486 min 346 kvadratmetr ərazi tam təmizlənib, 156 min 900 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 2-dək ölkə üzrə, ümumilikdə, 7528 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 396 min 588 kvadratmetr ərazi yoxlanılıb.