CƏMİYYƏT
ANAMA Cocuq Mərcanlıda təmizləmə əməliyyatlarını iyunun sonunadək başa çatdırmağı planlaşdırır
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyunun 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 954 qəlpə, tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkarlanaraq zərərsizləşdirilməsi üçün götürülüb. Gün ərzində 25 min 935 kvadratmetr ərazi tam təmizlənib, 16,6 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 104 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun çəkildiyi əraziyə baxış keçirilib. Nəticədə 115 min 725 qəlpə, 72 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57) aşkarlanaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 426 min 393 kvadratmetr ərazi tam təmizlənib, 1 milyon 345 min 40 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Təmizləmə əməliyyatlarının iyunun sonunadək tamamlanması planlaşdırılır.