CƏMİYYƏT


ANAMA Goranboy rayonundakı mina hadisəsi ilə bağlı məlumat yayıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakininin yanvarın 18-də minaya düşməsi ilə bağlı məlumat yayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, Tapqaraqoyunlu kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb. Piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.

Həmçinin qeyd olunub ki, Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirilir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır. İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, icma komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanmasının təmin edilməsindən ibarətdir.

ANAMA bir daha vətəndaşlara müraciət edərək onları icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.