CƏMİYYƏT
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən ay piyada əleyhinə 364, tank əleyhinə 148 mina aşkarlanıb
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 285 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Məlumata görə, ötən ilin noyabrın 10-dan aprelin 30-dək piyada əleyhinə 7086, tank əleyhinə 3574 mina və 7943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə 2028 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.