CƏMİYYƏT
ANAMA Lənkəranda üç ədəd tank əleyhinə mina aşkarlayıb
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də saat 10:24-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində üç ədəd tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, DSX-nin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üç ədəd tank əleyhinə TM-62M minası aşkarlanıb. Həmin mina zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.