CƏMİYYƏT
ANAMA Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunan itlərin sayını artırır
Bakı, 4 iyul, AZƏRTAC
Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həm maddi-texniki bazasının genişləndirilməsi, həm də potensialın artırılması istiqamətində davamlı işlər görür.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, daha beş baş xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Marşal İrsi İnstitutu ilə ANAMA arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ümumilikdə 30 minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 itin 2023-cü ilin ilk yarım ilinədək göndərilməsi nəzərdə tutulub.
Əvvəlki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçisi ilə uyğunlaşma təlimi və beynəlxalq minatəmizləmə standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək Qarabağda icra edilən əməliyyatlara cəlb olunublar.
Bu itlər işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak edərək “Böyük Qayıdış” layihəsinin reallaşdırılması istiqamətində təhlükəsiz mühitin yaradılmasında xüsusi töhfəsini verir.
Qeyd edək ki, minaaxtaran itlərin mərhələli şəkildə Azərbaycana gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız həyata keçirilir.