CƏMİYYƏT
ANAMA Qazax rayonu, Kəmərli kəndi ərazisində tank əleyhinə raket aşkarlayıb
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 16-da saat 16:55-də Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarəolunmayan PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ümumilikdə Agentlik tərəfindən yanvar 1-dən 16-dək 12 siqnal (əməliyyat çağırışı) əsasında 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə, çay sahilinə baxış keçirilib, 37 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina, 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 3 min 170 kvadratmetr ərazi yerüstü və 286 kvadratmetr ərazi yeraltı yoxlanılıb.