CƏMİYYƏT
ANAMA: Qazax rayonunda top mərmisi və xeyli sayda patron aşkarlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də saat 10:42-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndində döyüş başlıqlı top mərmisinin və Birinci Şıxlı kəndi ərazisində sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən Quşçu Ayrım kəndində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 millimetrlik top mərmisi (OF-412), Birinci Şıxlı kəndində isə 5,45 millimetrlik 811 patron aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin və patronların tapıldığı yerin ətrafında 1100 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.