CƏMİYYƏT


ANAMA Qazaxda 100-dən çox silah-sursat aşkar edib

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 24-də saat 19:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, “Asfalt zavod” adlanan ərazidə çoxlu sayda qumbaraatanın, patron və qumbaraların tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal “Asfalt zavod” adlanan ərazinin yerləşdiyi Qazax rayonun Xanlıqlar kəndinə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 116 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), 1 ədəd tank əleyhinə mina (TM-57), 7 505 ədəd müxtəlif çaplı patron, 7 ədəd boş və təlim məqsədli mərmi və qumbaralar, 506 qram partladıcı, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar aşkar olunub, havanın qaranlıq olması səbəbi ilə əməliyyat-axtarış tədbirləri avqustun 25-də də davam etdirilib. Nəticədə əlavə olaraq 20 ədəd müxtəlif çaplı patron aşkar olunaraq, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi əşyaların ətrafında 20 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən bu ilin yanvar ayının 1-dən avqustun 25-dək 160 siqnal (əməliyyat çağırışı) əsasında 136 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmir yolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1805 ədəd partlamamış hərbi sursat (PHS), 26 155 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 21 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilərək 133 235 kvadratmetr ərazi yerüstü və 9 557 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.