CƏMİYYƏT
ANAMA: Sabirabadda iki ədəd əl qumbarası zərərsizləşdirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 9-da saat 19:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sabirabad rayonu, Xəqani küçəsi 1 ünvanında qazıntı işləri aparılarkən 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Sabirabad Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ünvanda su kanalının kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.