REGİONLAR
ANAMA Saloğluda bir gündə 700-dən çox partlamamış hərbi sursat zərərsizləşdirib FOTO VİDEO
Ağstafa, 6 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında yerləşən mərkəzi məhvetmə ərazisində toplanan partlamamış hərbi sursatları zərərsizləşdiriblər.
AZƏRTAC xəbər verir ki, ANAMA Saloğlu qəsəbəsi ərazisində növbəti dəfə 700-dən çox partlamamamış hərbi sursatı mərkəzi məhvetmə sahəsində zərərsizləşdirib. Müxtəlif ərazilərdən toplanan partlamamış hərbi sursatlar (PHS) təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yaşayış yerindən 4 kilometr uzaq məsafədə partladılıb.
ANAMA-nın OED Əməliyyatları üzrə meneceri Mədət Məmmədovun sözlərinə görə, partlamamış hərbi sursatlar ən çox Ağstafa və Qazax rayonu ərazisindən tapılıb. Çünki 1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı sursat anbarının partlaması nəticədə 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb və ərazi bu cür təhlükəli sursatlarla çirklənib. “Gəncə, Şəmkir, Tovuz və Qazaxdan da vətəndaşlar və ya ayrı-ayrı qurumlar tərəfindən müraciətlər olur. Bu barədə müraciətlər 102 və 112 zəng mərkəzlərinə daxil olur və ANAMA həmin ərazidə təmizləmə işləri aparır”, – deyə M.Məmmədov bildirib.