İQTİSADİYYAT


ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

DGK-dən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimindən əvvəl Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən agentliyin xidməti itlərə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən mərkəzin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra ANAMA ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, mövcud resurs və imkanlardan səmərəli istifadə edilməsi, müsbət təcrübələrin mübadiləsi və zəruri ixtisas təlimlərinin təşkili, eyni zamanda, kinoloji sahədə qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.