CƏBHƏ XƏBƏRLƏRİ


ANAMA: indiyədək cəbhəboyu ərazilərdə düşmən tərəfindən atılmış 11 ədəd “Elbrus” raketinin qalıqları aşkarlanıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Sentyabrın 27-dən başlayaraq düşmən tərəfindən mülki əhaliyə qadağan olunmuş mərmilər atılıb. Belə ki, oktyabrın 3-dən 4-nə keçən gecə Yevlax, Goranboy və Ağcabədi rayonları ərazisində kaset bombaları və bombacıqları aşkarlanıb. İndiyədək 1142 ədəd belə bombacıq aşkarlanaraq götürülüb.

AZƏRTAC xəbər verir ki, bu faktları oktyabrın 18-də keçirilən brifinqdə ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib. O qeyd edib ki, bu silahların dünyada dinc əhaliyə qarşı istifadə olunması qadağandır.

İdris İsmayılov deyib ki, eləcə də Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kiloqram ağ fosfor olan tüstülü mərmi aşkarlanaraq zərərsizləşdirilib. Bu günədək 11 ədəd “Elbrus” ballistik raketinin qalıqları aşkar olunaraq götürülüb.

Məlumat verilib ki, ANAMA-nın Horadiz bazasındakı əməkdaşı oktyabrın 9-da səhər saatlarında top mərmisinin atılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Qeyd edilib ki, yerli sakinlərin məlumatlandırılması məqsədilə ANAMA-nın mina maarifləndirmə qrupları düşmənin atdığı mərmilərin, bombacıqların və digər hərbi təyinatlı əşyaların fotoşəkillərini insanların sıx toplaşdığı ərazilərdə paylayır. İndiyədək üç minə yaxın yerli sakin bu barədə məlumatlandırılıb. Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.