CƏMİYYƏT


ANAMA mütəxəssisləri cəbhəboyu ərazilərdə əməliyyat-axtarışları davam etdirirlər

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Zəng Xidməti Mərkəzindən 27 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, daxil olmuş 28 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Baharlı, Çəmənli kəndləri və 1-ci Baharlı qəsəbəsi, Ağcabədi rayonunun Arazbar, Bala Kəhrizli, Taynaq kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Əhmədalılar kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qaraçinar, Qızılhacılı, Balakürd, Meşəli kəndləri, Tərtər rayonunun Seydimli, Buruc kəndləri və C.Məmmədquluzadə, N.Nərimanov küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə idarə olunan raketin arxa motor hissəsi, 1 ədəd bombacıq və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssisləri tərəfindən 1805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən oktyabrın 15-dək 598 siqnal (əməliyyat çağırışı) əsasında 519 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 92 ədəd partlamamış hərbi sursat (PHS), 1142 ədəd bombacıq, 1180 ədəd müxtəlif çaplı patronlar, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 4 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 219 ədəd partlamış raket hissələri aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.