CƏMİYYƏT
ANAMA-nın əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov və agentliyin işçi heyətinin bir aylıq əməkhaqqı olmaqla ümumilikdə 50 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.
Yardımın edilməsində məqsəd COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz dəstəyini göstərməkdir.
ANAMA kollektivi COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən bütün tibbi personala, eləcə də güc strukturlarına öz təşəkkürünü bildirir və göstərdikləri təxirəsalınmaz tədbirlərində uğurlar arzulayır.