CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Ağcabədidə iki min kvadratmetr ərazini yoxlayıblar VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 6-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə mərkəzinin məlumatına əsasən, Ağcabədi rayonunun İmamqulubəyli kəndində bir otlaq sahəsinə baxış keçiriblər. Axtarış zamanı aşkarlanan bir ədəd “F-1” əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb. ANAMA tərəfindən iki min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən martın 6-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 126 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1973 partlamamış hərbi sursat, tank əleyhinə 66 və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 879 min 516 kvadratmetr ərazi (430 min 574 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.