CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Lənkəranda tank mərmisi aşkar ediblər VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Lənkəran şəhərində çay kənarında partlamamış hərbi sursat - 125 millimetrlik tank mərmisi aşkar edərək götürüblər. Ümumilikdə 20 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən noyabrın 4-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub. Təmizləmə əməliyyatları nəticəsində 3948 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, iki “OZM-72”, iki “siqnal minası” və tank əleyhinə 42 mina aşkar olunaraq zərərsizləşdirilib.