CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri tərəfindən 15 min kvadratmetr ərazi yoxlanılıb
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 22-də iki əkin sahəsi, bir otlaq sahəsi və meşə zolağında 9 partlayış yerinə baxış keçirib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 15 min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əhmədağalı kəndində 2 əkin sahəsi və meşə zolağında 5 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 7 min kvadratmetr ərazi yoxlanılıb.
Tərtər rayonunun Həsənqaya kəndində bir otlaq sahəsində dörd partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbiristanlığı, beş kənd orta məktəbi, bir tibb məntəqəsi, metal anbarı, 30 ferma, əkin sahələri, bir çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3.472 partlamamış hərbi sursat, 15 piyada əleyhinə mina (PMN), 3 piyada əleyhinə mina (POMZ-2), bir piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.