CƏMİYYƏT
ANAMA təhlükəsizlik qaydaları ilə bağlı təlimləri davam etdirir
Bakı, 8 dekabr, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq və infrastruktur layihələri üzrə fəaliyyət göstərən şəxslərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təhlükəsizlik qaydaları ilə bağlı təlimlərin keçirilməsi mütəmadi davam etdirilir.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, eləcə də “Azərişıq” ASC-nin Xocavənd rayonunun Hadrut qəsəbəsində fəaliyyət göstərən nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici və xəbərdaredici istiqamətdə təlimlər keçirilib.
Təhlükəli ərazilərdə işləyən şəxslərə mina riskindən qorunma, minalar və partlamamış hərbi sursatları tanıma, ərazilərdə hərəkət qaydaları istiqamətlərində təlimatlar verilib, broşürlər və posterlər paylanılıb.
Təlimçilər təhlükəli ərazilərə yaxın fəaliyyət göstərən şəxsləri daha məsuliyyətli və diqqətli olmağa çağırır.