CƏMİYYƏT
ANAMA tərəfindən indiyədək 5633 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də saat 10:14-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 10:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Xanlıqlar kəndində iki mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə keçmiş texniki peşə məktəbinin ərazisinə baxıblar. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində yeraltı və yerüstü yoxlamalar aparılıb, təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1–dən dekabrın 25-dək ümumilikdə 5633 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina, 1 kiloqram civə və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 411 min 218 kvadratmetr ərazi yoxlanılıb.