SİYASƏT
ƏNƏNƏLƏRƏ SADİQLİK
akademik Yusif Məmmədəliyev adına Neft Kimyası
Prosesləri İnstitutunun 75 ili tamam olur. Bununla
əlaqədar AZƏRTAC-ın müxbiri institutun direktoru
akademik Musa Rüstəmovla görüşmüşdür. O,
institut alimlərinin bəzi son elmi araşdırmalarından
danışmışdır.
...Məlumdur ki, elmin və sənayenin yolları daim kəsişir: elm bir sıra tətbiqi elmi istiqamətlər meydana gətirən fundamental tədqiqatlar apararaq, sənayeyə onun müxtəlif sahələrinin inkişafı üçün imkanlar açır, sənaye isə, öz növbəsində, elm qarşısında yeni-yeni vəzifələr qoyur. Beləliklə, bir silsilənin qarşılıqlı surətdə bağlı olan pillələri kimi elm və sənaye bir-birinin təzələnməsinə və inkişafına təkan verir.
Bu tezis Neft Kimyası Prosesləri İnstitutunun inkişaf tarixində öz təsdiqini tapır. İlk vaxtlardan böyük alim, akademik Yusif Məmmədəliyevin və müxtəlif illərdə neft kimyası sahəsində görkəmli mütəxəssislərin - akademiklər Murtuza Nağıyevin və Vahab Əliyevin uğurla rəhbərlik etdikləri institutun mövcudluğu illərində onun əməkdaşları öz tədqiqatlarını Azərbaycan neftlərinin öyrənilməsinə, yeni yanacaq və yağlar almaq məqsədi ilə bunların səmərəli emalının elmi əsaslarının hazırlanmasına, neftayırma və neft kimyası prosesləri üçün yeni texnologiyalar və katalizatorlar yaradılmasına, kataliz, üzvi və fiziki kimya, neft kimyası sintezi üzrə fundamental araşdırmalar aparılmasına, ölkəmizin neftayırma və neft kimyası komplekslərinin inkişafına dair tam sxemlər hazırlanmasına həsr etmişlər.
Bu tədqiqatların nəticələri və tövsiyələri müxtəlif illərdə təkcə ölkəmizdə deyil, keçmiş Sovet İttifaqının və xarici dövlətlərin bir çox neftayırma və neft kimyası müəssisələrində xaricdə də sənaye miqyasında tətbiq olunmuşdur.
Ənənələrə sadiq qalan institut indi, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə də neft emalı və neft kimyası sahəsində fundamental və tətbiqi tədqiqatların inkişafına sanballı töhfə verməkdədir.
Akademik M.Rüstəmov institut alimlərinin yeni araşdırmalarından biri haqqında danışır.
Krekinq və piroliz laboratoriyasında rektifikasiya kolonlarının işini modelləşdirmək və optimallaşdırmaq üçün kompüter proqramı yaradılmışdır. Bunlarda alınan və benzol əmələgətirən komponentlərdən təmizlənən benzin fraksiyaları katalitik riforminqdən keçirilir ki, bundan da məqsəd yüksəkoktanlı benzin əldə etməkdir.
İndi, ekologiya, nəfəs aldığımız havanın təmizliyi məsələlərinə diqqətin artırıldığı vaxtda bu araşdırma çox əhəmiyyətlidir. Axı, atmosferin başlıca çirkləndiriciləri həm sənaye texnologiyalarının, həm də gündən-günə artan nəqliyyat vasitələrinin tullantıları və işlənmiş qazlarıdır. Avtomobillərin tərkibində benzol olan benzinlə işləməsi atmosferin kanserogenli maddə - alfabenzopirinlə çirklənməsinə gətirib çıxarır. Odur ki, bu vəziyyəti aradan qaldırmaq üçün benzinin tərkibindəki benzolun səviyyəsini sıfıra endirmək vəzifəsi qarşıya qoyulmuşdu. Bu iş uğurla həyata keçirilmişdir. Bağlanmış müqaviləyə uyğun olaraq, indi bu araşdırma Heydər Əliyev adına Bakı neft emalı zavodunda sınaqdan çıxarılacaqdır.
Hazırda həmin müəssisədə daha bir araşdırma – dünya standartlarına uyğun gələn dizel yanacağı istehsalının yeni texnologiyası tətbiq edilir. Bu yaxınlaradək zavodda alınan dizel yanacağı azkükürdlü Azərbaycan neftinin emalı məhsulu olsa da, tərkibində kükürd olduğuna görə beynəlxalq ekoloji tələblərə cavab vermirdi. İnstitutun alimləri kükürdü 0,1 faizdən 0,001-0,003 faizədək azaltmağa müvəffəq olmuşlar.
Onlar bu nailiyyəti Azərbaycan Dövlət Neft və Kimya Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutu əməkdaşlarının və Heydər Əliyev adına zavodun mütəxəssislərinin fəal iştirakı ilə əldə etmişlər. Özü də, problem müəssisənin özündəki avadanlıqdan istifadə olunmaqla həll edilmişdir ki, bu da zavoda 30 dəfə ucuz başa gəlmişdir. Halbuki, yeni avadanlıq alınıb quraşdırılsaydı, buna 4 milyon dollar vəsait lazım idi.
Yeni texnologiyanın tətbiqi neftayıranlara hər il 60 milyon dollar mənfəət gətirəcəkdir.
Akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu Azərbaycanın neft kimyası elminin bayraqdarı adını bax, belə uğurlarla doğruldur.