DÜNYA
ANA SÜDÜ İMMUN ÇATIŞMAZLIĞI VİRUSUNUN QARŞISINI ALIR
Artıq məlumdur ki, süddə İÇV-nin qarşısını alan bəzi substansiyalar var. Kolumbiya Universitetinin (Nyu-York) İÇV-nin ötürülməsi üsullarını öyrənən əməkdaşı Luiza Kun demişdir: “Ana südündə bir çox komponentlər, məsələn, ana orqanizmindən olan anticismlər vardır”.
Hazırda Amsterdam Universitetindən Bill Pekston və onun həmkarları ana südünün İÇV-yə müqavimət göstərən daha güclü təsirə malik konkret komponentlərini aşkar etmişlər. Deyilənə görə, bu sirli inqrediyent qanda və tüpürcəkdə mövcud olan Lüis-X maddəsidir.
İÇV immun sisteminin mühüm elementi olan SD4 (helper T-limfiositlərin antigen markeri) hüceyrələrinə infeksiya yoluxdurur və bu hüceyrələrin pozulması qazanılmış immun çatışmazlığına (QİÇS) gətirib çıxarır. Bəzi tədqiqatçıların fikrincə, virus immunositlərin dendrit hüceyrələr kimi tanınan müəyyən növüylə birləşmə yolu ilə CD4 hüceyrələrinə düşə bilər.
Pekston və onun əməkdaşları müəyyənləşdirmişlər ki, tərkibində Lüis-X maddəsi olan maddə hüceyrənin səthindəki müəyyən zülalla birləşərsə, İÇV virusun çatdırılması üçün bu dendrit hüceyrələrdən istifadə edə bilməz. Məlumdur ki, dendrit hüceyrələr badamcıqlarda toplanır, buna görə də körpənin içdiyi südlə birlikdə külli miqdarda Lüis-X ala bilər.
Bəzi ana südü nümunələrində bu maddə Petri kasasında, hətta 500 dəfə durulaşdırıldıqda belə, İÇV-nin hüceyrə ilə birləşməsinə imkan vermir. Ohayo ştatındakı Klivlend Universitetində bu virusu öyrənən Devid Makdonald xəbərdarlıq edir ki, ana südünün real həyat şəraitində İÇV-dən müdafiə etməsi məsələsi açıq qalır. Tədqiqatçı demişdir: “Əgər o, ingibitordursa, onda nəyə görə İÇV ana südü ilə uşaqlara keçir?” YUNİSEF-in məlumatına görə, hər il təxminən 200 minədək uşaq ana südü ilə İÇV-yə yoluxur. İÇV-yə yoluxmuş anaların uşaqlarının 10-20 faizi bu virusu ana südü ilə 2 il ərzində alır.
Buna etirazını bildirən Pekstonun fikrincə, qoruyucu substansiyasız İÇV-yə yoluxma halları, yəqin ki, daha tez-tez baş verərdi.
Səhiyyə ekspertləri bəzi hallarda ana südü ilə əmizdirmənin risk dərəcəsi və üstün cəhətləri barədə mübahisə edirlər. Lakin Dünya Səhiyyə Təşkilatı İÇV-yə yoluxmuş analara imkan daxilində süni qidalandırma üçün qatışıqdan faydalanmağı tövsiyə edir.
Hazırda Pekston, südündə xeyli miqdarda həmin maddə olan anaların İÇV-ni uşaqlarına az-az hallarda keçirib-keçirməyəcəyini tədqiq etmək niyyətindədir. Lakin onun fikrincə, uşaqları İÇV-yə yoluxmaq riskinə məruz qoymağa etik normaların yol vermədiyini nəzərə alsaq, bunu həyata keçirmək çətin olacaqdır.
Rekstonun son məqsədi cinsi əlaqə zamanı İÇV-dən müdafiə üçün sürtkünün tərkib hissəsi olacaq komponenti aşkar etməkdir.