RƏSMİ XRONİKA
ANS ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİ VAHİD MUSTAFAYEVİN ÇIXIŞI
Xanımlar və cənablar!
Bu gün Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu növbəti dəfə “İlin adamı” diplomunu təqdim edir. Bizim hər birimizindən ötrü adi və qeyri-adi bir gündür.
Adidir, çünki artıq ənənəyə çevrilmiş bu mərasimdə 2003-cü ilin adamını növbəti dəfə elan edəcək, nominantın bu ada layiq görülməsinə əsas verən amilləri sadalayacağıq.
Qeyri-adidir, ona görə ki, ilk dəfədir ki, bu ada layiq görülmüş şəxs ölümündən sonra “İlin adamı” elan edilir. Ötən il olduğu kimi, bu dəfə də diploma Heydər Əlirza oğlu Əliyev, Azərbaycan xalqının və dövlətinin ən görkəmli xadimi layiq görülmüşdür.
Biz seçim edərkən birsəslə Heydər Əliyevin namizədliyi üzərində dayandıq. Həmişə olduğu kimi, biz yenə də, ilk növbədə, onun Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətlərinə, vətənpərvərliyinə xüsusi önəm verdik. Heydər Əliyev bu mənada alternativsizdir. O, bütöv bir il ərzində kütləvi informasiya vasitələrinin, cəmiyyətin aparıcı mövzusu olaraq qaldı. Doğrudur, səhhəti ona normal fəaliyyət göstərməyə imkan vermədi, ancaq buna baxmayaraq, Azərbaycanın lideri ilin əsas siyasi şəxsiyyəti olaraq gündəlikdə qaldı.
Azərbaycanı sarsıdan o günü unutmaq mümkün deyildir. Prezident Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi litseyin yubileyi münasibətilə Respublika sarayında keçirilən mərasimdə iki dəfə huşunu itirdi. Amma səhhətində yaranmış olduqca ciddi problemə baxmayaraq, sonradan ona həyatı bahasına başa gələcək riskə getdi və hər iki dəfə səhnəyə qayıtdı. Öz çıxışını tamamladı. Bir Ali Baş Komandan olaraq Azərbaycan əsgər və zabitləri qarşısında əsl sınmazlıq nümunəsi nümayiş etdirdi. Hökumət üzvlərindən tutmuş, tədbirin ən sıravi iştirakçısınadək hamını özünü itirdiyi, böyük çaşqınlıq keçirdiyi o anlarda öz təmkinini və daxili tarazlığını qoruyub saxlamağa müvəffəq olan bir nəfər var idi. O da Heydər Əliyevin özü idi. Cənab Əliyevin xalqda nigaranlıq və dövlətdə çaşqınlıq yaranmasın deyə, sanki heç nə olmayıbmış kimi öz çıxışını tamamlamasını biz tərəddüd etmədən fədakarlıq faktı kimi qiymətləndiririk. Dövlət və xalq naminə fədakarlıq!
Heydər Əliyevin “İlin adamı” elan olunmasına əsas verən ikinci səbəb onun davamlı siyasi sabitlik bazası formalaşdırmaq prosesini 2003-cü ildə başa çatdıra bilməsidir. Bu baza Konstitusiya çərçivəsində hakimiyyət dəyişikliyinə, prezident seçkilərinin keçirilməsinə, yeni dövlət başçısı İlham Əliyevə isə ən ciddi addımlar atmağa imkan yaratdı.
Məhz bu davamlı siyasi sabitlik bazası imkan verdi ki, qanunların tam gücü ölkədə anarxiya və xaosun baş qaldırmasına səbəb ola biləcək amilləri aradan qaldırsın.
Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Heydər Əliyevin vəfatı faktını millətin və dövlətin bir nöqtə ətrafında birləşməsinin müstəsna səbəbi kimi şərh edir. Azərbaycan xalqı bunun sayəsində bütün dünyaya bir daha öz birliyi və mütəşəkkilliyini göstərdi. Dəfn mərasiminə gəlmiş və bu prosesi kənardan müşahidə edən hər bir dövlət başçısı bu ümumxalq rəğbətinə və sevgisinə yəqin ki, qibtə hissi ilə baxırdı.
İstər dəfn mərasimi, istərsə də Fəxri xiyabanda onun məzarı önündə hər gün davam edən insan növbələri Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yerin göstəricisidir. Biz bu faktı xalqın birləşməsini mümkün edən amil kimi qiymətləndirmişik.
Heydər Əliyevin “İlin adamı” adına dalbadal ikinci dəfə layiq görülməsinin başqa bir səbəbi isə, onun özündən sonra da mükəmməl işləyə bilən dövlət mexanizmi yaratmasıdır. Sirr deyil ki, uzun müddət Azərbaycan ictimaiyyəti dövlət idarəçiliyini və ümumiyyətlə, ölkəni Heydər Əliyevsiz təsəvvür edə bilmirdi. Lakin o, uzun sürən müalicəsi dövründə xalqı onsuz yaşamağın və dövlətin Heydər Əliyevsiz mövcudluğunun mümkünlüyünə öyrətdi.
Xanımlar və cənablar!
İndi isə, icazənizlə, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən seçilmiş “2003-cü ilin adamı”nı rəsmən elan edim.
DÖVLƏT VƏ XALQ NAMİNƏ NÜMAYİŞ ETDİRDİYİ FƏDAKARLIĞA;
DAVAMLI SİYASİ SABİTLİK BAZASI FORMALAŞDIRMA PROSESİNİ BAŞA ÇATDIRMASINA;
VƏFATI İLƏ XALQIN BİRLƏŞMƏSİNƏ NAİL OLDUĞUNA;
ÖZÜNDƏN SONRA DA MÜKƏMMƏL İŞLƏYƏ BİLƏN DÖVLƏT MEXANİZMİ YARATDIĞINA
GÖRƏ AZƏRBAYCAN RESPUBLİKASININ GÖRKƏMLİ DÖVLƏT XADİMİ
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV “2003-CÜ İLİN ADAMI” ELAN EDİLİR!
Xanımlar və cənablar!
İndi isə Heydər Əliyevin 2003-cü ilin 4 ən seçilmiş məqamını birlikdə bir daha xatırlayaq. Gəlin, Heydər Əliyevin bəzən ağır, amma birmənalı şəkildə məzmunlu anlarını bir də yaşayaq.
X X X
Sonra Prezident Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamlarını əks etdirən videokadrlar nümayiş etdirildi.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin layiq görüldüyü “2003-cü ilin adamı” diplomunu, habelə Böyük Qafqaz sıra dağlarında yerləşən Heydər Əliyev zirvəsinin fotoşəklini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
X X X
Azərbaycan Prezidenti İlham Əliyev ANS Şirkətlər Qrupunun və Çingiz Mustafayev adına Fondun əməkdaşları, Milli Qəhrəmanın ailə üzvləri ilə səmimi görüşdü, onlara təşəkkürünü bildirdi.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.