SİYASƏT
ANTİTERROR MÜBARİZƏSİ ABŞ-IN YARDIM PROQRAMLARININ ƏSAS ELEMENTİ OLACAQDIR
Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun rəsmi nümayəndəsi Çarlz Ris aprelin 2-də Senatın Xarici əməliyyatlar komitəsindəki dinləmələrdə 2004-cü maliyyə ilində hökumətin regiona yardımının perspektivlərini açıqlamışdır. Onun fikrincə, dünyanın İraq məsələsində ABŞ-la onun Avropadakı dostları və müttəfiqləri arasındakı ziddiyətlərə yönələrkən, Birləşmiş Ştatların Avropanın keçmiş Sovet hissəsindən aldığı sabit dəstək kifayət qədər xatırlanmır. Çarlz Ris hesab edir ki, bu dəstək Amerikanın xaricə yardım proqramları və diplomatiyası vasitəsilə Avrasiya dövlətlərində bazar iqtisadiyyatına və demokratik seçki sisteminə çətin keçid prosesində yaxından iştirakının nəticəsidir.
Lakin ABŞ-ın Avropa və Avrasiyaya artan marağı təkcə bununla məhdudlaşmır. Terrorla mübarizə, kütləvi qırğın silahlarının yayılması, narkotik vasitələrin və digər qanunsuz maddələrin nəqlinin qarşısının alınması kimi qlobal maraqlar 11 sentyabr hadisələrindən sonra xeyli aktuallaşmışdır. 2004-cü maliyyə ilində antiterror mübarizəsi ABŞ-ın regiona yardımının əsas elementi olacaqdır. Digər proqramların sayı azaldılmaqla, 2004-cü ildə ixraca nəzarət, sərhəd təhlükəsizliyi, terrorçuların maliyyə mənbələrinin qarşısının alınmasına texniki yardım sahəsində əməkdaşlıq genişlənəcəkdir.
Regionda həyata keçirilən iki proqram - Şərqi Avropa Demokratiyasına Dəstək və “Azadlığa Dəstək Aktı” müsbət nəticələr verir. Corc Buş hökuməti Konqresdən “Azadlığa Dəstək Aktı” üzrə maliyyə fondlarını 2003-cü illə müqayisədə 173 milyon dollar azaltmağı xahiş etmişdir. Azalma təkcə ümumi məbləğdə deyil, ayrı-ayrı dövlətlərə ayrılan vəsaitin həcmində də olacaqdır. Belə ki, Rusiya və Ukraynaya ayrılan yardım azaldılaraq, antiterror əməliyyatları gedən bölgənin bilavasitə yaxınlığında yerləşən dövlətlərə veriləcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton