DÜNYA
APEC liderləri pandemiya ilə mübarizə üçün bütün imkanlardan istifadə edəcəklər
Tokio, 21 noyabr, AZƏRTAC
Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına daxil olan 21 ölkənin və ərazi vahidinin liderləri koronavirus pandemiyası ilə mübarizə üçün mümkün olan bütün vasitələrdən istifadə edəcəklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə APEC liderlərinin noyabrın 20-də keçirilən sammitində qəbul edilən bəyanatda deyilir.
Qeyd edək ki, onlayn formatda keçirilən sammitə Malayziya sədrlik edib. Sammitin işində APEC üzvü olan ölkələrlə yanaşı, Yaponiya, ABŞ və Çin də iştirak edib.
Sammit iştirakçıları olan ölkələrin liderləri hazırda davam edən pandemiyanın müasir dövrün səhiyyə və iqtisadiyyat sahəsində ən ciddi böhranı olduğunu təsdiq ediblər.
Liderlər, həmçinin bəyan ediblər ki, onlar böhran dövründə “ticarət və investisiya qoyuluşu üçün azad, açıq, ədalətli, ayrı-seçkilik qoymayan, şəffaf və proqnozlaşdırıla bilən şərtləri” qəbul edirlər.
Bu bəyanat təşkilatın 2017-ci ildən bəri qəbul etdiyi ilk sənəddir. 2018-ci il görüşü zamanı ABŞ və Çin arasında davam edən qarşıdurmaya görə bəyanat qəbul edilməyib. 2019-cu ildə isə təşkilatçı ölkə olan Çilidə baş verən iğtişaşlara görə sammit keçirilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio