İQTİSADİYYAT


AQRAR SAHƏDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlmişdir. Nümayəndə heyətinə Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) rəhbəri doktor Önər Kabasakal başçılıq edir.

Aprelin 18-də respublikamızın Kənd Təsərrüfatı Nazirliyində qonaqlarla görüş keçirildi. Türkiyəli həmkarlarını səmimiyyətlə salamlayan nazir İrşad Əliyev qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluqla söhbət açdı.

Kənd təsərrüfatı sahəsində müvəffəqiyyətlə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verən nazir dedi ki, kəndlərimizdə 830 minə yaxın ailə torpaq almişdır, indi Azərbaycanda kənd təssərrüfatı məhsulları istehsalının böyük əksəriyyəti özəl qurumların payına düşür. Bir çox sahələrdə bazarın tələblərinə uyğun ciddi struktur dəyişiklikləri gedir. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi dinamik surətdə artır. Nazir kənd təsərrüfatında islahatların həyata keçirilməsi nəticəsində ölkəmizdə əldə olunan uğurları dövlətimizin başçısı Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirdi.

Kənd təsərrüfatında istehsalın həcminin və məhsulun keyfiyyətinin artırılmasında aqrar elmin, qabaqcıl təcrübənin mühüm rol oynadığını vurğulayan nazir türkiyəli həmkarlarının Azərbaycana göstərdiyi köməyi yüksək qiymətləndirdi.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab Önər Kabasakal Azərbaycana bu dəfəki səfərlərinin məqsədini açıqladı və ölkələrimiz arasında aqrar sahədə əlaqələrin bundan sonra da davam etdirilməsinin çox vacib olduğunu nəzərə çarpdırdı.

Görüşdə Ö.kabasakal 12 kompüter dəstini, kənd təsərrüfatına aid 195 video-kaseti, Türkiyənin tarixi keçmişini özündə əks etdirən nəfis tərtibatla buraxlımış albomu, ermənilərin azərbaycanlılara qarşı soyqırımından bəhs edən kitabı nazir İrşad Əliyevə təqdim etdi.

Qonaqlara isə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi adından xalça bağışlandı.

Türkiyəli qonaqlar aprelin 19-da Xaçmaz rayonunda yerləşən “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma birgə müssisəsi”ndə olacaq, Quba-Xaçmaz bölgəsinin fermer və mütəxəssisləri üçün keçirilən seminar-məşğələnin açılışında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.