REGİONLAR
AQRAR SAHƏDƏ AZƏRBAYCAN–ABŞ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfiri səmimi salamlayan İ.Əliyev aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində kəndin simasının dəyişməsindən, yeni mülkiyyət formalarının yaranmasından, kənd təsərrüfatında reallaşdırılan beynəlxalq layihələrdən, xarici ölkələrin təcrübələrinin tətbiqindən danışmışdır. O, ABŞ-ın kənd təsərrüfatı təcrübəsinin ölkəmizin aqrar sahəsinin inkişafı üçün vacibliyini də xüsusi qeyd etmişdir.
Səfir R.Harniş Azərbaycanın regionlarına səfərləri zamanı əhalinin güzəranı ilə tanış olduğunu, ABŞ tərəfindən həyata keçirilən proqramların (Gəncədə quş yeminin hazırlanması texnologiyasının, Masallıda arıçılığın inkişafı, Lənkəranda çayın kiçik paketlərə qablaşdırılması və s.) nəticələri ilə maraqlandığını bildirmişdir. O, həmçinin məlumat vermişdir ki, yeni ilədək “Ərzaq yardımı” layihəsi, “Özəl assosiasiyaların yaradılması”, “Elmi yeniliklərin fermerlərə çatdırılması” proqramları da təqdim olunacaqdır.
Layihə və proqramlar hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri nümayəndələrinin görüşündə müzakirə edilərək razılaşdırılmışdır.
Nazir İrşad Əliyev aqrar sahədə hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulamış, müasir avadanlıqla təmin olunmuş birgə elmi mərkəzin yaradılmasını təklif etmişdir.