REGİONLAR
AQRAR SAHƏDƏ ELMİ-TƏDQİQATLAR MƏHSUL BOLLUĞU YARADILMASINA XİDMƏT ETMƏLİDİR
Bu günlər respublikamızın bütün elmi ictimaiyyəti kimi, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin kollektivi də “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələri müzakirə edir.
Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev AZƏRTAC-a demişdir:
-İnanıram ki, bu Sərəncam məhsuldar qüvvə olan elmin bütün sahələr üzrə inkişafına, onun səmərəsinin yüksəlməsinə güclü təkan verəcəkdir.
“Elmi-tədqiqat müəssisələrinin 2007-ci ildəki fəaliyyətinin əsas yekunları” barədə hazırladığımız kitabın nəşri Sərəncamla eyni vaxta təsadüf edir. Həmin nəşrdə bildirilir ki, ötən il kənd təsərrüfatı təmayüllü 14 elmi-tədqiqat institutu və “Araz” Elm-İstehsalat Birliyi tərəfindən aqrar elmin müxtəlif sahələrini əhatə edən 29 problem üzrə 113 mövzuda tədqiqatlar aparılmışdır. Məhsuldar, xəstəlik və ziyanvericilərə, ekstremal amillərə davamlı sort və hibridlər yaradılmış, onların becərilmə texnologiyaları təkmilləşdirilmişdir.
Ölkəmizin iqtisadi potensialını artırmaq, kənd təsərrüfatı məhsulları istehsalını günün tələbləri səviyyəsinə çatdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində imkanlar hələ çoxdur. Bu ehtiyatları səfərbər etməyin yolları və vasitələri məhz həmin Sərəncamda öz əksini tapmışdır. Yəni, biz kənd təsərrüfatı elminin inkişafını ləngidən maneələri aradan qaldırmalı, tədqiqatları müasir standartlar səviyyəsinə çatdırmalı və ölkənin tələblərinin təmin edilməsinə yönəltməliyik.
Kənd təsərrüfatı tədqiqatları ilə məşğul olan qurumlarda islahatlar aparılmasını zəruri hesab edir və bunun üçün təxirə salmadan müvafiq tədbirlər görəcəyik.
Haqqında danışdığımız Sərəncamda elmi işçilərin sosial təminatı məsələlərinə də toxunulmuşdur. Biz bunu elmi əməkdaşların güzəranının yaxşılaşdırılmasına dövlət qayğısı kimi qəbul edir və yüksək dəyərləndiririk.