REGİONLAR
“AQRO SMM” layihəsinə yekun vurulub
Bakı, 18 oktyabr, AZƏRTAC
Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı ilə baş tutan “AQRO Sosial Media Marketinq - AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev və “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri reallaşdırılır. Eyni zamanda, gənclərə aqrar sahədə yaradılan şəraitdən bəhrələnmək tövsiyə edilib.
Daha sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə layihəyə 500-ə qədər gəncin müraciət etdiyini, onlardan 30 namizədin müsahibələrdən sonra layihədə iştirak haqqı qazandığını qeyd edib. Təşkilat sədri layihənin gənclərin aqrar sahə üzrə sosial media, marketinq ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərdən ibarət 16 peşəkar təlimçi müxtəlif mövzularda iştirakçılara interaktiv təlimlər keçiblər.
Bununla yanaşı, layihə iştirakçıları üçün ölkənin 4 bölgəsində müxtəlif aqrar müəssisələrə ekskursiyalar təşkil edilib, gənclərə aqrar istehsalat proseslərini əyani görmələri üçün şərait yaradılıb, onlara geniş informasiyalar verilib.
Sonda layihə iştirakçıları sertifikatlarla təltif edilib, qalib komanda üzvləri isə mükafatlandırlıblar.
Qeyd edək ki, “AQRO SMM” ölkəmizdə sosial media marketinqin aqrar sahədə tətbiqi istiqamətində keçirilən ilk layihədir.