CƏMİYYƏT


AQTA 63 ton günəbaxan tumunu zərərsizləşdirib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana üç nəqliyyat vasitəsilə idxal olunan 63 ton günəbaxan tumunun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

AQTA-dan AZƏRTAC-a bildiriblər ki, aparılan analizlərin nəticəsinə görə nümunələrdə ölkəmizdə karantin sayılan zərərli orqanizm - azçiçəkli senxrus aşkarlanıb.

Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, alaq otları və parazit bitkilər siyahısına daxil edilmiş azçiçəkli senxrus bitkilərin məhsuldarlığını azaldır, digər bitkilərin kölgələnməsinə, yaylaqların sirayətlənməsinə və onların məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, həmin zərərli orqanizm heyvanların yununun keyfiyyətinə, insanlara və heyvanlara mənfi təsir edir. Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.