CƏMİYYƏT


AQTA: Broker təşkilatları adı ilə və ya hər hansı başqa yolla sertifikatların alınması cəhdinin qarşısı qətiyyətlə alınacaq

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət və tənzimlənmə tədbirlərinin operativ, şəffaf və daha səmərəli təşkili sahəsində ardıcıl fəaliyyətini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən “Asan imza” vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər. Lakin son vaxtlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar Agentliyin rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirərək müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları barədə sahibkarlarda və ictimaiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır.

Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərti ilə sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.