CƏMİYYƏT
AQTA Həmkarlar İttifaqı Komitəsinin komandası “Nə? Harada? Nə zaman?” turnirində iştirak edib
Bakı, 16 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin kollektivi işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların və ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq könüllü surətdə həmkarlar ittifaqı təşkilatı yaratmaq istəklərini həyata keçirmiş və nəticədə agentliyin strukturuna daxil olan regional bölmələrinin və tabeliyindəki qurumların fəaliyyətlərini əlaqələndirmək və üzvlərin sosial-iqtisadi mənafelərinin, əmək hüquqlarının qorunması istiqamətində görülən tədbirləri gücləndirmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi təsis edilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi üzvlərindən ibarət komanda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” turnirində iştirak edib.
Həmkarlar İttifaqı Komitəsi təşkilat üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi, onların sosial-iqtisadi mənafelərinin, əmək hüquqlarının qorunması istiqamətində görülən işləri bundan sonra da gücləndirəcək.