CƏMİYYƏT


AQTA Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib

Bakı, 17 iyun, AZƏRTAC

Milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. Bayramın mütəşəkkil təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyulun 9-10-da keçiriləcək Qurban bayramı günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Agentlik bəyan edir ki, əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, heyvan kəsimi və satışı yalnız aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Qurum vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməz hesab edilir.

Vətəndaşlar qurbanlıq heyvanları əvvəlcədən müəyyənləşdirilmiş heyvan satışı məntəqələrindən, qurbanlıq heyvan cəmdəklərini isə bayramdan əvvəl agentliyin rəsmi saytında ünvanları göstərilən satış şəbəkələrindən sifariş verməklə əldə edə bilərlər.

Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda, qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəlindikdə, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət etməsi xahiş olunur.

Qida Təhlükəsizliyi Agentliyi müqəddəs bayramın təhlükəsiz şəraitdə keçirilməsi üçün hər kəsi müvafiq qurumlar tərəfindən tövsiyə edilən qaydalara riayət etməyə çağırır və xalqımızı bir daha qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.