CƏMİYYƏT
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir




Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir.
AQTA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin əməkdaşları noyabrın 14-də Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbin müəllim və şagird heyəti ilə görüşüblər.
Tədbirdə ilk olaraq məktəblilərə agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Mən qidayam”, “Artıq şəkərin ziyanları” videoçarxları təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin əhəmiyyətində danışılıb.
Sonra agentlik əməkdaşları məktəblilərə “Məhsul alarkən nələrə diqqət etməli” təqdimatını nümayiş etdiriblər. Görüş zamanı, həmçinin şagirdlərlə “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Enerji içkilərinin ziyanları”, “Quduzluq və onun aradan qaldırılması yolları” kimi mövzularda fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.
Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Cari ilin sonunadək layihənin paytaxtın 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.