İQTİSADİYYAT
AQTA: Sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmayıb
Bakı, 26 iyul, AZƏRTAC
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat və dövlət reyestrinin aparılması əvvəlcədən elan olunduğu kimi mərhələli şəkildə həyata keçirilir. Bu dövr ərzində sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmayıb. Bu barədə AZƏRTAC-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Hazırda qeydiyyat və dövlət reyestrinin aparılması işləri ilə paralel olaraq sahibkarların bu istiqamətdə maarifləndirilməsi və onlara peşəkar səviyyədə metodiki yardımların göstərilməsi işləri həyata keçirilir.
Həmçinin bildirilir ki, üç mərhələdə həyata keçiriləcək qeydiyyat və dövlət reyestrinin aparılması zamanı, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalat və təsərrüfat müəssisələrinin qeydiyyatı, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri, satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının həyata keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstəriləcək və bütün mərhələlərində sahibkarların yeni qaydalarla bağlı maarifləndirilməsi və fəaliyyətlərini təkmilləşdirmələri üçün onlara metodiki tövsiyələr veriləcək.