CƏMİYYƏT


AQTA TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində yoxlamalar aparır

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar aparılır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə əlaqədar zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, Beyləqan, Tovuz, Ağdam, Şəki və Zaqatala Rayon Mərkəzi xəstəxanalarında isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib. Həmin tibb müəssisələrində aşkar olunan nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.