CƏMİYYƏT
AQTA adından rüşvət toplayan şəxslərin videogörüntüləri yayılıb
Bakı, 12 aprel, AZƏRTAC
Son günlər Qida Təhlükəsizliyi Agentliyinə qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan növbəti məlumatın araşdırılması zamanı paytaxtın Sabunçu rayonundakı Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.
Araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və videogörüntülərinin əks olunduğu müəyyən edilib.
Agentliyin əməkdaşları olmayan həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub. Dövlət orqanın nüfuzuna xələl gətirməyə cəhd göstərənlərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Özlərini qurumun əməkdaşı kimi təqdim edən dələduzları linkində izləmək olar.
Agentlik sahibkarlardan dələduzluq faktları ilə üzləşdikləri zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı mərkəzi”nə məlumat verməyi xahiş edir.