CƏMİYYƏT
AQTA bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.
AQTA-nın kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Qubada keçirilib. Sahibkarlara agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida məhsulları sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib. Bundan əlavə, sahibkarlara qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu üçün səyyar xidmət göstərilib. Həmçinin 40-a yaxın sahibkarlıq subyektinə qida təhlükəsizliyi qeydiyyatı və dövlət reyestrinin aparılması barədə sertifikatlar təqdim olunub.
Tədbirdə bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri AQTA tərəfindən daim nəzarətdə saxlanılacaq, onların qida təhlükəsizliyi standartları istiqamətində sağlamlaşdırılmasını təmin etmək üçün mütəmadi iş aparılacaq. Buna görə də sahibkarlar agentliklə sıx əməkdaşlıqda maraqlı olmalıdırlar.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.