CƏMİYYƏT
AQTA-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə görüş olub
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Giorgi Surmanidze ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Acarıstanın Kənd Təsərrüfatı Nazirliyinin Laboratoriya Tədqiqat Mərkəzinin rəis müavini Koba Kupatadze, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradzenin də iştirak etdiyi görüşdə AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri üzrə indiyə qədər həyata keçirilən tədbirlər haqqında məlumat verib, Gürcüstanla ölkəmiz arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edilib ki, AQTA və Gürcüstan Milli Qida Agentliyi arasında bu günə kimi baş tutan görüşlərdə bir sıra sahələr, o cümlədən sərhədyanı ərazilərdə birgə monitorinqlərin təşkili, beynəlxalq təcrübələrdən istifadə, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələlər diqqət mərkəzində olub.
Ölkələr arasında əlaqələrin ilbəil genişləndiyini deyən nazir Giorgi Surmanidze münasibətlərin bütün sahələr, o cümlədən qida təhlükəsizliyi sahəsində inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Daha sonra tərəflər birgə fəaliyyətdə maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.