CƏMİYYƏT
AQTA-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunan tədbir keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunan tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 2018–ci il 20 dekabr tarixli qərarı ilə təsis edilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.
Agentliyin sədri Qoşqar Təhməzli bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük rol oynayacaq. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Tədbirdə agentliyin bir qrup əməkdaşı fəxri fərman və döş nişanları ilə təltif olunublar.