CƏMİYYƏT


AQTA heyvan kəsimi və heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olan sahibkarlara müraciət edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Ölkəmizdə bioloji təhlükəsizliyin təmin edilməsi və heyvan mənşəli məhsullar üzərində qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin yaradılması məqsədilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin (HİQS) formalaşdırılması və ölkə ərazisində mərhələli şəkildə tətbiqi qərara alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda HİQS-in proqram təminatı və dizaynı üzərində işlər görülür və bu ilin sonuna qədər sistemin seçilmiş pilot ərazidə sınaqdan keçirilməsi nəzərdə tutulub.

HİQS bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək. Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və s. barədə məlumatlar da həmin sistemdə yer alacaq.

Bundan əlavə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il iyunun 11-də verdiyi Sərəncamın icrası ilə əlaqədar ölkə ərazisində qanunsuz heyvan kəsiminin qarşısının alınması, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrinin yaradılması istiqamətində görülən ardıcıl işlər nəticəsində standartlara cavab verən kəsim yerlərinin sayı 12-dən 66-ya çatdırılıb və həmin proses davam edir. Ölkədə həyata keçirilən təsirli tədbirlərlə yanaşı, beynəlxalq təşkilatlarla da intensiv işlər aparılıb, bunun sayəsində diri heyvan və heyvan mənşəli məhsulların sağlamlığına nəzarət sahəsində şəffaf hesabatlılıq sistemi yaradılıb. Nəticə etibarilə Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqının müvafiq qurumları ilə qarşılıqlı etimad münasibətləri qurmağa nail olub.

Aparılan məqsədyönlü tədbirlərin nəticəsində artıq gön-dəri materialının ilkin işlənilmiş və emal edilmiş formada Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün bir sıra müəssisələr İttifaqın Ticarətə Nəzarət və Ekspert Sistemində uğurla qeydiyyata alınıb. Hazırda arıçılıq məhsullarının Avropa ölkələrinə ixrac edilməsi üçün müvafiq icazələrin alınması sahəsində işlər aparılır. İstehsal və emal müəssisələrində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsi istehsalın səmərəsini və məhsulların insan istehlakı üçün təhlükəsiz olmasını təmin etməklə yanaşı, hər bir istehsal müəssisəsinin ixrac imkanlarının formalaşmasına da şərait yaradacaq.

İstehsal edilən heyvan mənşəli ərzaq məhsullarının və xammalın təhlükəsizliyinin təmin edilməsi və onların ixracındakı maneələrin aradan qaldırılması məqsədilə həmin məhsulların istehsalının idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla beynəlxalq standartlara uyğunlaşdırılması tələb olunur. Qida Təhlükəsizliyi Agentliyi qeyd olunan tələblərin yerinə yetirilməsinə uyğun şərait yaradılması üçün sahibkarlıq subyektlərinə öz səlahiyyətləri daxilində hər cür kömək göstərməyə hazır olduğunu bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.