CƏMİYYƏT
AQTA-nın Ekspert Şurası və İnventarlaşdırma Komissiyasının iclası keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın onlayn iclası keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ekspert Şurasının iclası zamanı müvafiq elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlar barədə məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.
Preparatların sınağı və tətbiqi zamanı müsbət nəticə əldə olunmasına əsasən (təkrar qeydiyyat da daxil olmaqla), 26 adda preparatın dövlət qeydiyyatına alınması və 24 adda preparatın sınağının aparılması barədə qərar qəbul olunub.
“İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyasının iclası”nda Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional Bölməsinin əməkdaşları tərəfindən planlı yoxlama zamanı “GP Alpha Greenhouse” MMC-nin Salyan rayonunun Kürsəngi kəndində yerləşən istixanaya məxsus pestisid saxlanılan anbarında istifadə müddəti bitmiş pestisidlər aşkarlanaraq dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.