CƏMİYYƏT
AQTA-nın nümayəndə heyəti Belçikanın qida təhlükəsizliyi sahəsində təcrübəsi ilə tanış olur VİDEO
Brüssel, 30 mart, AZƏRTAC
Belçikada səfərdə olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Belçika Krallığının Qida Təhlükəsizliyi üzrə Federal Xidmətinin baş icraçı direktoru Herman Diriks ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə kadr hazırlığı üzrə əməkdaşlığın həyata keçirilməsi, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı Belçika Krallığının təcrübəsindən istifadə olunması məsələləri müzakirə edilib.
Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, eləcə də laboratoriyaların strukturunun öyrənilməsi və kadr hazırlığının gücləndirilməsi üzrə Belçika təcrübəsinin öyrənilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun beynəlxalq statusu, akkreditasiyası kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
“Bu gün uğurlu görüşümüz oldu, ətraflı danışıqlar apardıq. Qida təhlükəsizliyinə dair fikir mübadiləsi apardıq. Qida təhlükəsizliyi, bu sahədə nəzarətin təşkili ilə bağlı müzakirələr etdik. Belçika və Azərbaycan arasında fərqlər və oxşarlıqlar var, təcrübə mübadiləsi apara və təcrübəmizi qarşılıqlı öyrənə bilərik. Azərbaycan nümayəndə heyəti ilə qida təhlükəsizliyini birlikdə necə təmin edə biləcəyimizdən danışdıq”, - deyə Herman Diriks müsahibəsində bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel