İQTİSADİYYAT
AQTA-nın vətəndaşlara müraciəti
Bakı, 25 sentyabr, AZƏRTAC
WhatsApp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılıb.
Bu barədə AZƏRTAC-a Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur.
Qida Təhlükəsizliyi Agentliyi diqqətə çatdırır ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.
Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək.
AQTA bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edir.