CƏMİYYƏT


AQTA qida məhsullarının etiketlənməsi ilə bağlı sahibkarlara müraciət edib

AQTA qida məhsullarının etiketlənməsi ilə bağlı sahibkarlara müraciət edib

Bakı, 24 yanvar, AZƏRTAC

Bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda yer alan tələblərdən biri də qida məhsullarının etiket məlumatları ilə bağlıdır. Qanuna əsasən, qida məhsullarının üzərində “müalicəvi” adının yazılması qadağandır.

Bildiririk ki, qida məhsullarının etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi “Qida təhlükəsizliyi haqqında” Qanunla qadağan edilib. Çünki qida məhsulu üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

AZƏRTAC xəbər verir ki, bu məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida məhsullarının etiketlənməsi ilə bağlı sahibkarlara müraciətində yer alıb.

Bildirilib ki, aparılan müşahidələrə görə, məhsul istehlaka təqdim edilərkən müxtəlif marketinq alətlərindən, markalanma metodlarından istifadə olunur, bu da bəzi pozuntu hallarına gətirib çıxarır. Məsələn, süd məhsulunda kalsium olduğu halda həmin maddənin mövcudluğunu xüsusi qabartmaqla və ya müxtəlif qablaşdırılmış sularda mövcud olan maqneziumun və digər mineralların olmasını xüsusi hal kimi qeyd etməklə məhsul istehlakçıya təqdim olunur.

“Təəssüflə qeyd edirik ki, satış bazarında eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi imiş kimi təqdim edilir və həmin metod məlumatlı olmayan istehlakçının qərar verməsində təsiredici amilə çevrilir. Qanunla əgər bir qida məhsulunun tərkibi hansısa bir maddələrdən ibarətdirsə, o hal qabardılmış formada ifadə edilməməlidir”, – deyə müraciətdə bildirilir.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, həmin qayda 2023-cü il 1 yanvar tarixindən sonra istehsal olunan məhsullara şamil edilir. Belə məhsulların yeni qanunun tələblərinə uyğun etiketlənməsi təmin edilməlidir.

Bundan başqa, Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.

Agentlik tərəfindən yeni qanunun icrası ilə bağlı aparılan yoxlama-nəzarət tədbirləri etiket məlumatları ilə bağlı uyğunsuzluqların mövcudluğunu üzə çıxarıb. AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edərək xidmətlərini qanunun tələblərinə uyğun qurmağa səsləyib.

İstehlakçılar isə qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.