İQTİSADİYYAT


AQTA qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı sahibkarlara müraciət edib

Bakı, 14 sentyabr, AZƏRTAC 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı sahibkarlara müraciət edib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2018-ci ilin iyulun 1-dən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb. Lakin, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

Məlumata görə, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Qanunun 7.3-cü maddəsinə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.

Bununla bağlı olaraq, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir və bildirir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində, ciddi tədbirlər həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.