CƏMİYYƏT


AQTA sədri Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) baş direktoru Pablo Roka Blasko ilə görüşüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf istiqamətləri, bu məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, bununla bağlı həyata keçirilən irimiqyaslı tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.

Yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması barədə məlumat verən agentliyin sədri şərab məhsullarının qida təhlükəsizliyinə nəzarətin müvafiq laboratoriyalarda aparılan təhlillərin nəticəsinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Həmçinin uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verildiyi və həmin məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının həyata keçirildiyini diqqətə çatdırılıb.

Baş verən hallara görə təəssüfləndiyini bildirən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Pablo Roka Blasko Azərbaycanla OIV arasında səmərəli əməkdaşlığın qurulduğunu, bu münasibətlərin qarşıdakı illər ərzində də müsbət dinamika üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan ərazilərində qanunsuz olaraq, Ermənistan adı altında şərab və digər məhsulların istehsalı, Aİ ölkələrinə satışı və ixracı ilə bağlı rəhbərlik etdiyi təşkilata rəsmi məlumatların təqdim olunmasını, saxtalaşdırma və qanunsuz satış halları ilə əlaqədar aidiyyəti beynəlxalq, regional qurum və təşkilatlarla danışıqlar aparılacağını bildirib.

Görüşdə əməkdaşlıqda növbəti mərhələlər üzrə prioritet kəsb edən digər məsələlər müzakirə edilib. Şərab normalarının hazırlanması sahəsində mümkün əməkdaşlığın həyata keçirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarların təşkili, şərabçılıq məhsullarının laboratoriya analizlərinə cəlb olunması ilə bağlı təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb. OIV rəhbərliyi tərəfindən müsbət yanaşılan bir çox məsələlərlə bağlı, o cümlədən agentlik əməkdaşlarının standartların hazırlanmasında iştirakı, sınaq metodlarının hazırlanması üzrə təşkilatın komissiyasında təmsil olunması, elektron sertifikat platformasına Azərbaycanın qoşulması və s. üzrə müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.