CƏMİYYƏT
AQTA sədri mayın 17-də Kürdəmirdə vətəndaşları qəbul edəcək
Bakı, 6 may, AZƏRTAC
Mayın 17-də saat 11:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların agentliyin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri cavablandırılacaq və diqqətə çatdırılan məsələlərin həlli istiqamətində tədbirlər görüləcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar mayın 16-dək adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Qida Təhlükəsizliyi Agentliyinin [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Müraciət edən hər bir vətəndaş pandemiya dövrünün tələblərinə uyğun olaraq, əvvəlcədən qeydiyyatdan keçdiyi siyahı və şəxsiyyətini təsdiq edən sənəd əsasında qəbula buraxılacaq.