CƏMİYYƏT


AQTA və Belarus Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş olub

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, belaruslu həmkarlarla mövcud dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirən AQTA sədrinin müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində birgə həyata keçirilən tədbir və layihələrin icra vəziyyəti müzakirə olunub, yeni əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, heyvanların identifikasiyası sisteminin qurulması, heyvan və bitki sağlamlığının təmin olunması sahəsində işin daha səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində informasiya sisteminin inteqrasiyası iki ölkə arasında idxal-ixrac əməliyyatlarının daha da genişlənməsinə təkan verəcək.

Qonaqlara qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya sisteminin inkişafı, yaradılmış infrastruktur haqqında geniş məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlıqdan bəhs olunub. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilən uğurlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüş çərçivəsində qonaqlar iş prinsipini öyrənmək məqsədilə institutun laboratoriyalarına baxış keçiriblər.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini İvan Smilqin qida təhlükəsizliyinin inkişafı sahəsində ölkəmizdə aparılan islahatları dəstəklədiyini vurğulayıb. AQTA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraq göstərdiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.